Xəzərin Sahilində Qrafik Dizayner Olmaq
Orkhan Salahov | 26 July 2023
Yəqin ki, içinizdən kimlərsə məktəb vaxtı arxasında əyləşdiyi partanın üzərində mənalı/mənasız cızma-qaralar edib. Floridada yerləşən Rasmussen University tərəfindən aparılan sorğuya əsasən bunu edən insanların gələcəkdə yaradıcı sahədə işləmək ehtimalı digərlərinə nisbətən 35% daha çoxdur. Açığı bu təqribi sayın içindən neçə nəfərin böyüyüb peşəkar qrafik dizayner kimi fəaliyyət göstərdiyi bilinmir. Məncə heç çox olmaz. Dünya üzərində bu işi peşəkar səviyyədə görənlərin sayı zənn edilən qədər çox deyil. Xəzərin sahilinə endikdə isə bu say daha da azalır. Bəli, sayımız azdır. Bazar kiçikdir. Əksəriyyətimiz artıq bir neçə fərqli yerdə, fərqli müştərilərlə işləmişik. Bunların ən azı yarısında bir qrafik dizaynerin qarşılaşa biləcəyi ən absurd hadisələrlə qarşılaşmışıq. Bəs bu absurdluqlar nədir? Niyə hər yerdə qarşımıza çıxır? Bu sahildə qrafik dizayner olmaq niyə çətindir? Gəlin elə bu mövzudan başlayaq.
Kursa gedən bir uşaq
Əslində problemlər elə ilk addımdan artıq insana xoş gəldin deməyə başlayır. Sıfır biliklə bu sahəyə atılmaq istəyənlər üçün təhsil almaq o qədər də rahat deyil. 2016-cı ildə orta məktəbdən məzun olduğumda ölkədə bakalavr səviyyəsində qrafik dizayn tədris edən universitet sayı 0 idi. İndi bilmirəm, bəlkə də artıq var. Lakin yuxarıda da dediyim kimi. Sektor kiçikdir, hamı bir-birini tanıyır və mənim tanıdığım, bacarığına, öyrətmə qabiliyyətinə güvəndiyim insanlardan heç biri universitetlərdə müəllim kimi fəaliyyət göstərmir. Bu səbəbdən mənim üçün hələ də qrafik dizayn tədris edən universitet sayı 0-dır. Bəs kurslarımız necə? Yaxşı kurslarımız var. Code Academy, Baku Design Academy, Baku Design Center, Step IT Academy-nin adını çəkə bilərəm. Yaxşı müəllimləri, rahat şəraitləri var. Lakin təhsil haqqı heç də hər kəs üçün əlçatan deyil. Təbii ki, bunlar özəl kurslardır. İstədikləri qiyməti qoymaqda sərbəstdirlər. Burada iradı özəl kurslara yox, dövlət universitetlərinə tutmaq lazımdır. Bu məsələ ilə bağlı sözlərim çoxdur. Ehtimal ki, qrafik dizayn tədrisi ilə bağlı ayrıca bir blog yazacağam. Mövzudan çıxmamaq üçün uzatmayım. Bugünün mövzusu artıq yetişmiş dizaynerin yaşadığı problemlərdir. Davam edirik!
Remote, hybrid, freelance nə olan şeydir? Əlimin altında ol!
Bir-birindən tamam fərqli xarakterdə olan şirkətlərdə, agentliklərdə, dövlət orqanlarında həm full-time in office, həm hybrid rejimdə, həm remotely, həm də freelancer olaraq çalışmaq şansım olub. Mənim üçün ofisdən kənarda işləmək hər zaman daha yaxşı nəticələr verib. Yüksək produktivlik və kreativlik, eləcə də enerji və zaman qənaəti. Gəlin görün ki, əksər işverən tərəflərə remote rejim təklif etdikdə aldığın reaksiya o qədər boş-aqressiv olur ki, insan özündən şübhələnməyə başlayır. Mən nə dedim axı?
Bu əksəriyyət qrafik dizayneri hər zaman öz yanında istəyir. Bəli, öz ofisində yox. Elə düz özünün yanında. Utanmasalar yanlarında oturdub “Bunu biraz sağa doğru sürüşdürək, aha, aha biraz da. Yox, alınmadı, azca da sola qaytaraq”deyəcəklər və çox təəssüf ki, mən artıq bir-neçə dəfə buna məruz qalmışam. Bu kimi vəziyyətlərdə veriləcək ən yaxşı cavab sakit formada mouse və ya trackpad-i həmin şəxsə doğru uzadıb, uzun və sevgi dolu baxışlarla gözlərinə zillənməkdir.
Bununla belə, pozitiv şeylər də var. Artıq remote, hybrid iş rejimləri yerli agentliklərimiz, qismən də digər sahələrdə fəaliyyət göstərən özəl şirkətlərdə tədricən normallaşmağa başlayıb. Dövlət orqanları üçün isə eyni şeyi deyə bilmərəm. Ümid edirəm ki, yaxın gələcəkdə bütün potensial iş yerlərimiz buna uyğunlaşar.
Brief çatışmazlığından yaranan şiddətli həzmsizlik
Hər ehtimala qarşı brief-in (Bundan sonra brif) nə olduğunu qısaca izah etməklə başlayım. Brif hər hansısa bir proyektin, bizim sahəyə uyğunlaşdırsaq vizual təsvirin əsas parametrlərinin yazıldığı bir fayl, sənəddir. Daha da sadə dillə desəm, qrafik dizaynerə görülməli iş üçün kopirayter (copywriter) tərəfindən verilən ideyanın yazılı formatıdır. Xüsusən 2 il reklam agentliyində briflərlə işlədikdən sonra iş yerimi dəyişdikdə brifin olmadığı, “get bax gör nə edirsən” prinsipi ilə dizaynerin iş başına yollandığı yerə düşdükdə adaptasyada böyük çətinliklər çəkdim. Twix-in hər iki çubuğunu dadmış biri olaraq deyə bilərəm ki, briflərlə işləmək çox böyük vaxt qənaətidir. Xüsusilə müştəriyə, müdirinizə öncədən təsdiqlədilmiş briflər həyat qurtarır. Bunun sayəsində hazırladığınız “x” işinizi gördükdən sonra müştərinizin “evrika” yaşayıb yeni bir ideya arzusuna düşmək, həmçinin, proyekt hazır olmamışdan əvvəl təhdəlşüurunda brifə əsasən cızma-qara formalaşdırdığı üçün işinizə düzəlişlər vermək ehtimalı minimuma enir.
Briflərlə bağlı mövzunu bağlayarkən bir qədər də özümüzlə bağlı bir irad bildirməliyəm. Briflərə lazımsız yazı toplusu kimi baxmaq düzgün deyil. Təəsüflər olsun ki, bunu çoxumuz, xüsusilə də yeni başlayanlarımız edirik. Briflər səbir ilə, ehtiyac yaranarsa dəfələrlə oxunmalı, tam başa düşülməlidir. Aydın olmayan hissələri kopirayterdən sizə şifahi izah etməsini, hətta mümkünsə vizual nümunə göstərməsini xahiş edə bilərsiniz.
Ən ucuz mənəm!
İşimizin pozitiv tərəflərinə toxunmadan öncə sektorumuzda parazit funksiyası görərək daxili çürüməyə səbəb olan bəzi həmkarlarım haqqında da danışmaq istəyirəm. Öhm, çalışacağam ki, ad çəkib xətirlərinə dəyməyim.
Ən sadə nümunə ilə, dünyanın əksər yerində olduğu kimi bizim gözəl sahilimizdə də müştəri hər zaman ucuz olana üstünlük verir. Yəqin ki, qrafik dizayn sahəsində də vəziyyətin eyni olduğunu təsəvvür etmək elə də çətin olmaz. Bunu fürsət bilən dəyərli parazitlərimiz isə elə bir gün olmur ki, ümumi bazar dəyərini aşağı salmasınlar. “50 AZN-ə loqo dizaynı, limitsiz düzəlişlər”, “150 AZN-ə full sosial media paketi” və s. Freelance olaraq işləyə biləcəyimiz saytlarda hindistanlı, pakistanlı dostlarımızın başımıza açdığı oyunun eynisini elə öz ölkəmizdə də yaşamaq məcburiyyətində olmaq heç də xoş hiss deyil. Bu məsələyə fərqli pəncərələrdən baxmağa çalışıb, empatiya qurmağa çalışsam da bunu heç cür bacarmadım. Bir insan hansı düşüncə və məntiq ilə öz işinin dəyərini bu qədər aşağı salar, anlaya bilmirəm. Görünən odur ki, heç vaxt da anlaya bilməyəcəm.
Güllər, çiçəklər
“Bu qədər problemli sahədirsə niyə hələ də işləyirsən?” sualından yayınmaq üçün mənim gözümdən qrafik dizayner olmağın üstünlükləri haqqında da bir-iki kəlam edim. Bəli, Xəzərin sahilində belə qrafik dizayner olmağın üstün cəhətləri var. Hətta sırf bu dənizin yanında olduğun üçün digər iş sahələrinə nisbətən daha da çox üstünlükləri var. Məlum məsələdir ki, dənizimiz çox dalğalıdır. Eləcə sahildə dayandığı halda islananlar, dərinə getməyə çalışıb batanlar çoxdur.
Sözügedən üstünlüklərin ən yaxşısı az da olsa sərbəst işləmək imkanıdır. Digər sektorlara müqayisədə əgər qrafik dizaynersinizsə həyat rejiminizi özünüz təyin edə bilərsiniz. Bura həm daxili bazarda, həm də ya Upwork, 99designs, Fiverr kimi freelancer saytlarda işləmək daxildir. Seçim tamamilə sizindir.
Mənim zənnimcə işimizin bizə qazandırdığı xeyirli vərdişlərdən biri də bizi texnologiya ilə iç-içə saxlamağıdır. Qrafik dizayner hər zaman texnoloji inkişafı izləməlidir. Yeni portallar, texnologiyalardan xəbərdar olmalı, özünü onlara adaptasiya etməyi bacarmalıdır. Bir çox həmkarımla bu mövzu haqqında söhbət etmişəm, bəziləri mənimlə eyni fikirdə olsa da bəziləri isə bunun əlavə yük olduğunu düşünür. Subyektiv fikrim: Bu məcburiyyətin bizi gələcəyə daha hazır, daha diri tutmağı çox yaxşı bir şeydir.
İşimizin yarısı nə qədər texniki olsa da digər yarısının da kreativlik və sənətkarlıq olduğu gerçəyini unutmamaq lazımdır. Bəlkə də bu sahənin yarandığı gündən etibarən qrafik dizaynerin sənətkar olub olmamağı müzakirə olunub. Şəxsi fikrimcə sənətkarıq, gözəlik. Təbii ki, hər gördüyümüz iş yaradıcılıq deyil. Bunun fərqini işi gördüyüm zaman keçirdiyim hisslərdən çox yaxşı başa düşürəm və rahatlıqla da ayırd edə bilirəm. Biz dizaynerlər üçün xüsusi bir an var, bilmirəm, bəlkə də sadəcə məndə olur. Sözlərlə təsvir etməyi çətindir. Yaradıcılıq çarxının fırlanmağa başladığı an. O andan etibarən sanki insanın beyninin içindən yüzlərlə ideyalar, görüntülər sel kimi axıb gedir və həmin o an insanın keçirdiyi çox şirin bir hiss olur. Ətrafda olan hər bir şeydən pozitiv enerji almağa başlayırsan. Bunu sevirəm, hətta bütün neqativlərə rəğmən işimi sevirəm deyə bilərəm.
Sandıq qapağı
Ana dilimdə yazdığım ilk bloq yazımı yekunlaşdırarkən son olaraq həmkarlarıma gələcək işlərində uğurlar arzulayaraq bir neçə xahişimi dilə gətirmək istəyirəm. Əzizlər, pisi və yaxşısı ilə Azərbaycanın qrafik dizayner sahəsi bizik. Hələ uşaq yaşlarında olan bu sahəni inkişaf etdirmək, sağlam formada böyütmək yalnız bizdən asılıdır. İşimizin dəyərin azaltmamağa, əzdirməməyə ciddi fikir vermək lazımdır. Nə qədər şablon səslənsə də, hamımız eyni gəmidəyik. Batmağına göz yumsaq hamımız batacağıq. İnkişaf və ümumi dəyər artımı üçün hədəfi yüksək tutmalı, qlobal bazara maksimum sayda keyfiyyətli işlər çıxarmalıyıq. Bir-birimizə dəstək olmağı və layerlərimizi adlandırmağı unutmayaq. Hər birinizə xoş günlər diləyirəm!